Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari Sığorta Komitəsi “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı” çərçivəsində təkliflər paketi hazırlayacaq. Bu barədə ASA-nın məlumatında deyilir.
Komitə üzvlərinin keçirdiyi iclasda icbari sığortanın inkişafı məsələləri müzakirə olunub.
İclas iştirakçıları tərəfindən qərara alınıb ki, planda nəzərdə tutulmuş “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi, sığorta şikayətlərinin açıq araşdırılması, avtomobil qəzaları ilə bağlı elektron arayışların alınması, kadr hazırlığının gücləndirilməsi məsələlərinə dair təkliflər və layihələr, həmçinin onların icra planları hazırlansın.
İclasda ASA, “PAŞA Sığorta”, “AXA MBASK”, “İpək Yolu Sığorta”, “Standard İnsurance”, “AtaSığorta”, “Atəşgah Sığorta”, “Alfa Sığorta”, “Azsığorta” və “Xalq Sığorta” şirkətlərinin nümayəndələri iştirak ediblər.
ASA 2006-cı ilin dekabrında yaradılıb. ASA-nın yaradılmasında məqsəd Azərbaycanda sığorta bazarının inkişafını təmin etmək, həmçinin sığorta bazarının problem və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.
A.Axundov