Martın 16-dan 19-dək MDB Parlamentlərarası Assambleyasının (PAA) nümayəndə heyəti Böyük Vətən müharbəsində qələbənin 70 illik yubileyi münasibəti ilə Azərbaycana səfərə gələcək. Bu barədə "İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
MDB PAA nümayəndə heyətinin səfəri çərçivəsində qonaqlar Milli Məclisin spikeri Oqtay Əsədovla görüşəcək, Bakının Nəsimi rayonu ərazisində əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin, N.Nərimanov rayonu ərazisində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin, Xəzər rayonu ərazisində “Qələbə” abidəsinin, həmçinin iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun abidəsi önünə gül dəstələri qoyacaqlar.
Həmçinin MDB PAA nümayəndə heyəti “Yaşıl dalğa” aksiyası çərçivəsində ağac əkilməsində iştirak edəcək, Böyük Vətən müharibəsi veteranları ilə görüşəcək.
Ötən həftə Minskdə Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr olunmuş “Xatirə estafeti” beynəlxalq aksiyası start götürüb.
Bu aksiya çərçivəsində PAA nümayəndə heyətinin üzvləriMDB ölkələrində olacaq, Böyük Vətən müharibəsi qəhrəmanlarının şərfinə ucaldıdılmış abidələri ziyarət edəcək, milli parlamentlərin nümayəndələri ilə birlikdə veteranlar və gənclərlə görüşəcək, qələbənin 70 illiyinə həsr olunmuş müxtəlif tədbirlərdə iştirak edəcəklər.
“Xatirə estafeti” Bakı, Kişinyov, İrəvan, Bişkek, Düşənbə, Moskva və Astanada keçiriləcək. Bu şəhərlərdə yandırılan əbədi məşəllərdən götürülmüş alov Sankt-Peterburqa gətiriləcək. Aprel ayında MDB PAA-nın baş qərargahında, Tavriya sarayında təntənəli mərasim keçiriləcək. Mərasimdə MDB PAA-nın iştirakçı ölkələrinin nümayəndələri dostluq simvolu olaraq müxtəlif şəhərlərdən gətirilən əbədi məşəlləri birləşdirəcəklər.
R.Babayev