2015-ci ilin yanvar-fevral aylarında xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 31% - 811 mln. 18,1 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, hesabat dövrü ərzində Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarına görə lider olub. Bu şirkətlər tərəfindən investisiya qoyuluşlarının həcmi 304 mln. 573,5 min manat və ya bütün investisiyaların 37,5%-ni təşkil edib (artım 2,2 dəfə).
Norveç şirkətləri tərəfindən investisiya qoyuluşları 137 mln. 439 min manat (artım 50,8%), Türkiyə şirkətləri tərəfindən 96 mln. 480 min manat (artım 48,6%) həcmində olub.
Hesabat dövründə beynəlxalq təşkilatlar arasında Dünya Bankı 31 mln. 747,5 min manat (artım 52,2%), Asiya İnkişaf Bankı 8 mln. 753,7 min manat (azalma 48,23%) məbləğində investisiya qoyuluşları həyata keçirib.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb.
A.Axundov