Ukraynanın Lvov şəhərində yaşayan azərbaycanlılar Teymur Məmmədovu şəhərin Azərbaycan Diasporunun rəhbəri seçiblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresindən (UABK) məlumat verilib
Lvovda regional nümayəndəliyin yaradılması məqsədi ilə Konqresin Ukraynanın bir çox vilayətlərindən olan nümayəndələrinin iştirakı ilə yığıncaq keçirilib.
Tədbirdə Dnepropetrovsk, Jitomir, Nikolayevsk, Xarkov, Zakarpat, Xmelnitsk, Kirovqrad regional nümayəndəliklərinin rəhbərləri ilə yanaşı, Lvov meri Andrey Sadovoy və vilayət administrasiyasının nümayəndələri də iştirak ediblər.
Tədbirdə çıxış edən UABK rəhbəri Rövşən Tağıyev Lvov kimi bir şəhərdə UABK-nın nümayəndəliyinin yaradılmasının vacibliyini qeyd edib.
“Ukraynada bütün xalqlar sülh və anlaşma şəraitində yaşayır, öz hüquq və maraqlarını birlikdə qoruyurlar. Lvovun Avropa İttifaqına yaxın olmasını nəzərə alsaq, bu, hüquqi nöqteyi-nəzərdən azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edəcək”,- deyə o vurğulayıb.
A.Sadovoy, öz növbəsində qeyd edib ki, Lvov çoxmillətli şəhərdir və azərbaycanlıların aktiv fəaliyyəti yerli hakimiyyət tərəfindən dəstəklənir.
F.İsazadə