2015-ci il fevralın 28-nə Azərbaycanda “elektron imza” (“e-imza”) alan hüquqi və fiziki şəxslərin sayı 30,092 min təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
28 fevral 2015-ci il tarixinə 5,226 min hüquqi şəxs, 7,093 min vətəndaş və 17,773 min dövlət orqanları əməkdaşları “e-imza”ya malikdir.
Nazirliyin məlumatına görə, inidəyədək elektron xidmətlərlə bağlı müraciətlərin sayı 7 mln. 949,657 min, müraciət edən vətəndaşların ümumi sayı 1 mln. 329,13 min nəfər təşkil edib.
“Ümumilikdə vətəndaşların portala marağının artması müşahidə olunur, eləcə də təkrar müraciət edənlərin sayı artır. Bu dövr ərzində portala müraciət edənlərin 30,2%-ni yeni istifadəçilər, 69,8%-ni təkrar müraciət edənlər təşkil edib”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, 1 mart 2015-ci il tarixinə 191,163 min istifadəçi portaldan istifadə üçün sadələşdirilmiş kod-parol alıb.
2015-ci ilin fevral ayında müraciətlərin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlərdən istifadə ilə bağlı olub.
N.Abbasova