Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyinin yürütdüyü qeyri-konstruktiv siyasət, ilk növbədə Ermənistanın özünün gələcəyinə zərbə vurur. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə baş konsul Nəsimi Ağayev bəyan edib.
“Təsadüfi deyil ki, məhz belə ziyanlı, uzağı görməyən siyasət nəticəsində Ermənistan son 24 ildə əhalisinin az qala yarısını itirib, böyük iqtisadi problemlərlə üzləşib və xarici yardımlardan asılı vəziyyətə düşüb”, - deyə N.Ağayev ABŞ-ın Kaliforniya Nortridc Ştat Universitetində tələbələr qarşısında çıxışı zamanı bildirib.
Diplomat amerikalı tələbələri Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafı, Bakının xarici siyasəti barədə məlumatlanıdrıb. Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğalı məsələsinə toxunan N.Ağayev törədilən hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımı barədə söz açıb.
O vurğulayıb ki, münaqişənin həlli yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra mümkündür.
R.Babayev