Yaxın altı ayda Azərbaycanın kapital bazarında səngimə olacaq. “PAŞA Bank”ın baş investisiya direktoru Taleh Kazımov belə hesab edir.
“İndi manatın devalvasiyasından sonra Azərbaycanın kapital bazarında sakitlik müşahidə olunur. Hesab edirik ki, bu hal yaxın altı ay ərzində davam edəcək”, - deyə T.Kazımov çərşənbə axşamı Bakıda "The Economist" jurnalı tərəfindən təşkil olunmuş İnvestisiya Forumunun panel sessiyasında çıxışı zamanı bildirib.
Lakin onun sözlərinə görə, Azərbaycanda bu bazarın inkişaf etdirilməsi üçün görülən işlər nəzərə alınmaqla kapital bazarında canlanma gözləmək olar.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
“Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib”, - deyə AMB-nin məlumatında bildirilib.
A.Axundov