2015-ci ilin yanvar ayı ərzində Azərbaycanın dövlət büdcəsinin profisiti 421,6 mln. manat və ya ÜDM-in 11,6%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 mlrd. 684,8 mln. manat (2014-cü ilin yanvar ayı ilə müqayisədə azalma 3,8%), mənfəət vergisi üzrə daxilolmalar 295,4 mln. manat, ƏDV üzrə 235,1 mln. manat, gəlir vergisi üzrə 75,6 mln. manat, aksizlər üzrə 58,9 mln. manat təşkil edib. Qalan həcm digər vergi növləri və daxilolmaların payına düşüb.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 1 mlrd. 263,2 mln. manat (azalma 27,8%) təşkil edib. Sosial müdafiə və sosial təminat xərcləri 202,7 mln. manat məbləğində olub. Təhsil sahəsinə 31,8 mln. manat, səhiyyə sahəsinə 6,6 mln. manat, ümumi dövlət xərclərinə 71,1 mln. manat, hüquq mühafizə və məhkəmə orqanlarına 30,5 mln. manat, iqtisadiyyatın inkişafına 812,8 mln. manat vəsait yönəldilib.
Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat həcmində təsdiq edilib. Büdcə kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində proqnozlaşdırılır.
A.Əzizov