Azərbaycanın 20 regionundan 160 məktəblidən ibarət qrup “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvanda səfərdədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Şəki, Quba, Qusar, Gəncə, Lənkəran, Masallı, Salyan və digər rayonların ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri Heydər Əliyev muzeyindəki ekspozisiya ilə tanış olub, Naxçıvan Dövlət Xalça Muzeyində, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Kompleksində, 12-ci əsrə aid Möminə xatun türbəsində olub, açıq səma altında yerləşən muzeydə eksponatlarla - qədim dövrə aid daş fiqurlar, qəbirüstü abidələrlə tanış olublar. Şagirdlərə Naxçıvanın qədim tarixi və mədəniyyəti barədə ətraflı məlumat verilib. Martın 20-nə qədər davam edəcək tur-aksiya çərçivəsində məktəblilər muxtar respublikanın Ordubad, Şahbuz vəKəngərli rayonlarının tarixi-mədəni abidələri, diyarın müasir simasını əks etdirən obyektlərlə tanış olacaq, görməli yerlərə səyahət edəcək, müxtəlif intellektual oyunlarda iştirak edəcəklər.
Layihə çərçivəsində 160 naxçıvanlı məktəbli də 20 müəllimin müşayiəti ilə ölkənin şimal və cənub rayonlarına ekskursiyaya yola düşüb.
Tur-aksiyanın ikinci mərhələsi martın 21-dən 24-nə qədər keçiriləcək.
Tədbirin məqsədi Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurların və ölkənin qədim tarixi, mədəniyyəti vəadət-ənənələrinin dərindən öyrənilməsidir.
Q.Hüseynova