Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar protez-ortopedik bərpa xidməti göstərməyə davam edir. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Belə ki, nazirliyin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.
Həmin rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidmətinə ehtiyacı olan 120 nəfər ehtiyaclarına uyğun olaraq, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin olunublar.
Ümumilikdə bu günə qədər Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin və onun Gəncə və Naxçıvan filiallarının əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada 1846 vətəndaşa protez-ortopedik bərpa xidmətləri göstərib.
R.Babayev