“Nikoil” İnvestisiya Kommersiya Bankı manatın devalvasiyası ilə əlaqədar azalmış kapitallaşmanı bərpa etmək üçün 5 mln. manat məbləğində subordinasiya krediti cəlb edəcək. Bunu bankın İdarə Heyətinin sədri Vasili Xamaza söyləyib.
“Manatın devalvasiyası (2015-ci ilin fevral ayında 33,5% - İF-Az) nəticəsində bizim kapitalımızda müəyyən azalma və zərər oldu. Hazırda bankın məcmu kapitalı 46 mln. manat təşkil edir ki, bu da AMB-nin müəyyən etdiyi minimal kapitala dair tələbdən 4 mln. manat azdır. Bu çatışmazlığı aradan qaldırmaq üçün bankın səhmdarları 5 mln. manat məbləğində subordinasiya krediti cəlb etmək barədə qərar qəbul edəcəklər”,- deyə V.Xamaza çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bankın səhmdarları yaranmış vəziyyətə operativ reaksiya göstəriblər.
“Prinsip etibarilə AMB bizə bir il ərzində kapitalı artırmaq və açıq valyuta mövqeyini tələb olunan minimal səviyyəyə çatdırmaq üçün vaxt verib. Lakin səhmdarlar bu müddətin sona çatmasını gözləmədilər və dəymiş zərərin yerini dərhal dolduracaqlar”,- deyə o qeyd edib.
V.Xamaza vurğulayıb ki, banklar və müştərilər manatın devalvasiyası nəticəsində çətin vəziyyətə düşdülər. Azərbaycanın bütün bank sektoru bu və ya digər dərəcədə zərərə uğrayıb, lakin ən ağır zərbə bankın müştərilərinə dəyib.
Bununla yanaşı, o əlavə edib ki, “Nikoil” İKB-nin müştəriləri manatla qoyulmuş əmanət və depozitlərini dollara konvertasiya etmək istəyərkən heç bir problem yaşamayıblar.
“Nikoil” İKB Azərbaycanda 1994-cü ildən fəaliyyətdədir. Bankın səhmdarları “Topaz Investment” ,“NİKoil” SC və “İSR Holding”dir.
A.Əzizov