Azərbaycan və Sudanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Ali Ahmed Karti iki ölkə arasında iqtisadiyyat sahəsində əlaqələri genişləndirmək barədə razılığa gəliblər. Bunu Azərbaycan XİN başçısı Elmar Məmmədyarov çərşənbə günü sudanlı həmkarı ilə Bakıda keçirilmiş görüşün yekunlarına dair brifinqdə bildirib.
“Bu yaxınlarda ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınma hallarının qarşısının alınmasına dair saziş imzalamaq barədə qərara gəldik”,- deyə nazir bildirib.
E.Məmmədyarovun sözlərinə görə, yaxın günlərdə Xartuma edəcəyi səfər çərçivəsində sözügedən sənədlər imzalanacaq.
“Ölkələrimizin coğrafi cəhətdən uzaq olmasına baxmayaraq, biz ruhən yaxınıq və bu, bizə qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlməyə kömək edəcək. Hər iki ölkə əməkdaşlıqda maraqlıdır, bu arzu bizi yeni uğurlu addımlar atmağa yönəldəcək. Mən sözügedən sahələrdə əməkdaşlıq edəcəyimiz üçün məmnunam. Prezident İlham Əliyevlə söhbət zamanı biz ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etdik. Biz Azərbaycan nümayəndə heyətinin Sudana səfərini gözləyirik. Bu səfər münasibətlərimizin inkişafına əlavə təkan verəcək”,- deyə A.Karti bildirib.
F.İsazadə