Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 30,8 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2015-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 1,11 min sahibkarın layihələri maliyyələşdirilib. Bu isə 2,4 mindən artıq yeni iş yerinin açılmasına imkan verəcək.
SKMF çərşənbə günü Ağsu rayonunda sahibkarlığa dövlət dəstəyi mövzusunda tədbir keçirib. Tədbirdə 90-a yaxın sahibkar iştirak edib.
Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayeva istinadən bildirilir ki, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlar 1,515 min layihənin reallaşdırılması üçün SKMF-in xətti ilə 55,6 mln. manat məbləğində güzəştli kredit alıblar. Bu layihələr çərçivəsində 5,3 mindən çox yeni iş yeri yaradılıb.
“Tədbir çərçivəsində çərşənbə günü 52 sahibkarlıq subyektinə 624,5 min manat məbləğində güzəştli kredit verilib. Bu vəsaitlər heyvandarlıq, arıçılıq və digər sahələrdə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Sahibkarların layihələrinin kreditləşməsi 70-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Axundov