Azərbaycanda sahibkarlar iri fermer təsərrüfatları yaratmaq üçün Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 50,3 mln. manat məbləğində kredit alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
“Əhalinin ərzaq məhsullarına tələbatını yerli istehsal hesabına təmin etmək məqsədilə 30 mindən çox hektar sahədə 19 iri fermer təsərrüfatının yaradılması üçün 15 sahibkarlıq subyektinə 50,3 mln. manat güzəştli kredit verilib”,- deyə məlumatda bildirilir.
Bu təsərrüfatlar respublikanın 12 rayonunda - Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və Şamaxı rayonlarında yaradılacaq.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Əzizov