Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) insanın açıq kosmosa ilk dəfə çıxmasının 50 illiyinə həsr olunmuş “Açıq kosmos” adlı sərgi açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
Sovet İttifaqının “Vosxod-2” kosmik gəmisinin uçuşu zamanı Aleksey Leonov bəşəriyyət tarixində ilk dəfə kosmik gəmidən açıq kosmosa çıxıb. Bu zaman gəmini ekipaj komandiri Pavel Belyayev idarə edirdi. İnsan ilk dəfə açıq kosmosda 12 dəqiqə 9 saniyə qalıb.
“Rossotrudniçestvo” agentliyi və Moskva şəhərində yerləşən Kosmonavtika Muzeyi tərəfindən hazırlanmış nadir ekspozisiyaya ekipajın uçuşa hazırlaşdığı anları əks etdirən, eləcə də start meydançası və kosmik gəmidə çəkilmiş şəkillər daxil edilib. A.Leonovun açıq kosmik məkanda çəkdiyi fotoşəkillər isə unikaldır. Kosmonovtların Yerə qayıdarkən təntənəli qarşılanma mərasimlərini əks etdirən şəkillər də ekspozisiyada yer alıb.
Təyyarəçi-kosmonavtlar A.Leonov və P.Belyayev bu qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına və “Lenin” ordeninə layiq görülüblər.
A.Zeydullayeva