Deputatlar Asim Mollazadə, Muxtar Babayev və Aslan Cəfərovun daxil olduğu Milli Məclisin nümayəndə heyəti Braziliyaya rəsmi səfər çərçivəsində bu ölkənin rəsmi şəxləri ilə bir sıra görüşlər keçirib. Bu barədə cümə axşamı XİN-in mətbuat xidməti məlumat verib.
Braziliyanın elm, texnologiya və innovasiyalar naziri Aldo Rebelo azərbaycanlı deputatlarla görüş zamanı Braziliyanın dost dövlətlə əməkdaşlığa hazır olduğunu vurğulayıb, həmçinin elm, texnologiya və innovasiyalar sahələrində əməkdaşlıq potensialının olduğunu bildirib.
Milli Məclisin nümayəndə heyəti Braziliya xarici işlər nazirinin müavini Karlos Paranyosla görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə əlaqələrin perspektivlərini müzakirə edib.
A.Mollazadə, M.Babayev və A.Cəfərov Braziliya parlamentinin Deputatlar Palatasında bir sıra görüşlər keçiriblər, həmçinin Braziliya Deputatlar Palatasının plenar iclasında iştirak ediblər.
Azərbaycan-Braziliya dostluq qrupunun prezidenti Klaudio Kajado çıxışı zamanı vurğulayıb ki, Azərbaycan Braziliya üçün vacib tərəfdaşdır.
O cümlədən azərbaycanlı deputatlar Braziliya Deputatlar Palatasının birinci vitse-prezidenti Valdir Maranyao, Braziliya Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin prezidenti Jo Moraes, Braziliya Senatının Xarici Əlaqələr Komitəsinin prezidenti Aloiza Nunyeslə görüşüblər. Tərəflər arasında ikitərəfli münasibətlərin inkişaf məsələləri müzakirə olunub.
Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Braziliya prezidentinin xarici məsələlər üzrə müşaviri Marko Aurelio Qarsiya, Braziliyanın inkişaf, sənaye və xarici ticarət nazirinin müavini İvan Ramalyo və digərləri ilə danışıqlar aparıb.
İ.Ramalyo ilə görüş zamanı deputatlar Azərbaycan ilə Braziliya arasında ticarət sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyinə toxunaraq iki ölkə arasında energetika, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün potensialın olduğunu vurğulayıblar. Braziliyalı nazir Azərbaycana səfərə dəvət olunub.
R.Babayev