Azərbaycan Beynəlxalq Bankının (ABB) 100 mln. manat məbləğində əlavə emissiyadan olan səhmləri Bakı Fond Birjasının (BFB) listinq vərəqəsinə daxil edilib. Bu barədə birjanın məlumatında qeyd edilir.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 0,27 manat olan 370 mln. 370,371 min ədəd səhmə bölünüb.
ABB martın 29-da səhmlərin əlavə emissiyasının yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 16,9% - 690,2 mln. manatadək artacaq.
2013-cü ilin oktyabr ayında ABB-nin səhmdarları 4 il ərzində bankın nizamnamə kapitalının mərhələli şəkildə 500 mln. manat artırılması barədə qərar qəbul ediblər. Birinci artım 200 mln. manat, növbəti illərdə hər il 100 mln. manat təşkil edəcək.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
A.Əzizov