SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) şirkətinin avrobondlarının əsas alıcıları ABŞ və Böyük Britaniyadan olan investorlar olublar. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Xəbər verildiyi kimi, martın 12-də SOCAR $750 mln. məbləğində avrobondu illik 6,95%-lə 15 il müddətinə yerləşdirib. Avrobondların buraxılmasının təşkilatçıları “Deutsche Bank” və “JP Morgan”dır.
“SOCAR tərəfindən yeni buraxılan avrobondların coğrafi bölgüsü Birləşmiş Krallıq (39%), Avropa (18%), ABŞ (41%) və digər regionlar (2%) nisbətində həyata keçirilib. Avrobondların 93%-i fond idarəçiləri, 5%-i banklar, 2%-i təqaüd fondları tərəfindən alınıb”, - deyə məlumatda qeyd olunur.
Azərbaycanda iqtisadi inkişaf, ölkənin sabit iqtisadi inkişaf göstəriciləri, SOCAR-ın 100% dövlət mülkiyyətində olması, şirkətin mövcud vəziyyəti, eləcə də avrobondların buraxılışı ilə əlaqədar görülən işlər dünyanın müxtəlif regionlarından olan investorlar arasında böyük marağa səbəb olub.
Daha əvvəl SOCAR prezidenti Rövnəq Abdullayevə istinadən xəbər verilib ki, şirkət avrobondların buraxılışından əldə olunan vəsaiti xaricdəki layihələrin maliyyələşdirilməsinə sərf etməyi planlaşdırır.
2012-ci ilin fevral ayında ARDNŞ 5 il müddətinə $500 mln. məbləğində avrobondun debüt buraxılışını həyata keçirib. 2013-cü ilin mart ayında şirkət 10 il müddətinə $1 mlrd. məbləğində avrobondun ikinci buraxılışını yerləşdirib.
N.Abbasova