Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bütün türklərə qarşı soyqırımı faktı kimi dəyətləndirilməlidir. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirdə bəyan edib.
“Azərbaycanlılara qarşı törədilən soyqırım bütün türk xalqlarına qarşı soyqırım faktı kimi qəbul edilməlidir. Çünki bu, nəinki Azərbaycan, həm də Türkiyə ərazisində törədilib”, - deyə şeyx bildirib.
O qeyd edib ki, illər boyu soyqırım məsələsi yalnız ermənilər tərəfindən birtərəfli qaydada təbliğ olunub. Ermənilər bütün dünyanı guya kütləvi qırğına məruz qaldıqlarına inandırmağa çalışırlar.
“Ermənilər özlərini soyqırım qurbanı kimi qələmə verərək və məzlum xalq olduqları barədə rəy formalaşdırmağa çalışaraq, bütün dünyada fəryad qoparırlar”, - deyə QMİ sədri vurğulayıb.
Onun sözlərinə görə, Sovet dövründə ermənilərin ХХ əsrin əvvəllərində Azərbaycanda törətdikləri qırğın barədə həqiqətlərin çatdırılması ilə bağlı çətinliklər var idi. Çünki “o dövrün siyasətçiləri erməni ekstremistlərin təzyiqi altında idilər”.
“Buna baxmayaraq, 30 mart-2 aprel 1918-ci il tarixlərində Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Naxçıvan, Hacıqabul, Zəngəzur, Qarabağda baş verən hadisələr dinc azərbaycanlıların ermənilər tərəfindən qırğına məruz qalmasına dəlalət edir. Bu soyqırım nəticəsində 12 min nəfər azərbaycanlı öldürülüb, minlərlə şəxs itkin düşüb. Bütün bu hadisələrin əsas səbəbi ermənilərin Qara dənizdən Xəzər dənizinə qədər “Böyük Ermənistan” yaratmaq arzusu olub”, - deyə A.Paşazadə bildirib.
O qeyd edib ki, bu gün Ermənistanda İran məscidi adlandırılan bircə məscid qalıb. Əslində isə bu, Azərbaycan məscididir.
“Bu gün bizdə kilsələr var. Hətta Bakının mərkəzindəki erməni kilsəsi bərpa edilib, orada kitablar saxlanılır”, - deyə QMİ sədri qeyd edib.
F.İsazadə