Bakıda İkinci Dünya müharibəsi illərində Hitler rejimi ilə əməkdaşlıq edən erməni terrorçuları Drastamat Kanayan (general Dro) və Qareqin Njdenin Rusiyada qəhrəmanlaşdırılmasını anlamırlar.
“Bu gün paradoksal hal baş verir. Müsəlmanlara, türklərə qarşı kütləvi qırğınlar törətmiş Njde, Dro adlanan şəxslər Ermənistanda qəhrəmanlaşdırılır, onlara abidələr ucaldılır. Əfsuslar olsun ki, Moskvada həmin şəxslərə həsr olunan böyük tədbirlər keçirilir, Rusiyada da onları qəhrəmanlaşdırmaq cəhdləri var”, - deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəyan edib.
O, 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbirdə çıxışında D.Kanayan və Q.Njdenin faşist Almaniyası ilə hamıya məlum olan əməkdaşlıq faktını vurğulayıb.
“Biz bu il faşizm üzərində Qələbənin 70 illiyini qeyd edəcəyik. Bu, bütün bəşəriyyətin qələbəsidir. Hamı bu qələbəyə töhfə verib. Bu qələbə yolunda milyonlarla insan həlak olub. Bu gün isə biz faşistlərlə əməkdaşlıq etmiş şəxsləri qəhrəman kimi qələmə vermək cəhdlərinin şahidi oluruq. Bunu harada edirlər? Rusiyada. Hitler Almaniyası ilə müharibədə ən çox itki verən ölkədə. Bu, qeyri-normal haldır və bir daha nümayiş etdirir ki, ermənilər bütün mümkün vasitələrdən istifadə edərək öz cinayətlərini gizlətməyə çalışırlar”, - deyə M.Qurbanlı bəyan edib.
F.İsazadə