Naxçıvan Muxtar Respublikası Ordubad şəhər 3 nömrəli tam orta məktəbininyeni binası istifadəyə verilib.
Açılış mərasimində iştirak edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov qeyd edib ki, məktəb binası müasir tədrisin tələblərinə cavab verir.
“Yaradılan şərait imkan verəcək ki, müəllimlər daha səylə çalışsınlar, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirsinlər, gəncləri gələcəyə hazırlasınlar”, - deyə V.Talıbov qeyd edib. O vurğulayıb ki, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin ötən tədris illərində nailiyyətləri qənaətbəxş olub. Məktəbin müəllimlərindən biri “Tərəqqi” medalı ilə təltif edilib, biri Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Bir müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin, 2013-cü ildə isə məktəb “Ən yaxşı məktəb müsabiqəsi”nin qalibi olub. Yaradılan şərait gələcəkdə bu nailiyyətləri daha da artırmağa imkan verəcək.
810 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla 45 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, 2 şahmat otağı, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı var.
Həmin gün Ali Məclisin sədri Ordubad şəhərində yeni Aviakassa binasının açılışında iştirak edib.
Aviakassanın 2 mərtəbədən ibarət binasında müasir avadanlıqlar quraşdırılıb. Burada Naxçıvan-Bakı və digər istiqamətlərlə yanaşı, həm də Bakıdan başqa ölkələrə getmək istəyənlər üçün bilet satışı həyata keçiriləcək.
Q.Hüseynova