Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 37,2 mln. manat güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2015-ci ilin əvvəlindən fondun vəsaitləri hesabına 1,229 min sahibkarın layihələri maliyyələşdirilib. Bu isə 2,8 minə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
SKMF bazar ertəsi Bakının Qaraçuxur qəsəbəsində sahibkarlığa dövlət dəstəyi mövzusunda tədbir keçirib. Tədbirdə 90-a yaxın sahibkar iştirak edib.
Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayeva istinadən bildirilir ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 219,6 mln. manat güzəştli kredit verilib. Bu layihələr çərçivəsində 5,3 mindən çox yeni iş yeri yaradılıb.
“Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,2 mln. manat kredit verilib. Verilmiş kreditlər, əsasən heyvandarlıq, tərəvəzçilik, quşçuluq, elektrotexniki avadanlıqlar, mebel, plastik qapı-pəncərə istehsalı və s. sahələrə yönəldiləcək. Sahibkarların layihələrinin kreditləşdirilməsi 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2014-cü ildə fondun xətti ilə sahibkarlara 295 mln. manat məbləğində güzəştli kredit verilib.
A.Axundov