Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Çin vətəndaşlarının Yəməndən təxliyəsini başa çatdırıb. Bu barədə Çinin Müdafiə Nazirliyi məlumat verib.
“Hərbçilər ölkə əhalisinin təhlükəsizliyinin keşiyində dayanmalıdırlar, hərbi gəmilər isə bizim həmvətənlərimiz üçün bir növ Nuhun gəmisi rolunu oynamalıdır”, - deyə nazirliyin saytında yerləşdirilmiş məlumatda qeyd edilir.
Təxliyə Yəmənin iki limanından həyata keçirilib, ölkəni ümumilikdə 570-dən çox insan tərk edib. Cibutiyə aparılan bu şəxslər daha sonra oradan təyyarə ilə vətənə yola salınacaqlar.
Nazirlik xəbər verib ki, Çin vətəndaşları ilə birlikdə 8 dövlətin vətəndaşları da Yəməndən təxliyə edilib. Lakin onların milli mənsubiyyəti barədə məlumat verilmir.