Mətbuat Şurasının icraçı direktoru Rəhim Hüseynzadə hesab edir ki, külli miqdarda narkotik maddə saxlamaqda şübhəli bilinən vətəndaş jurnalist deyil.
“Əgər onun üzərində narkotik maddə aşkar edilibsə, o zaman çox güman ki, söhbət jurnalistdən getmir. Yəqin ki, ona sədəcə olaraq qəzet əməkdaşının vəsiqəsini təqdim ediblər”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə "Dedektivpress" qazetinin əməkdaşının külli miqdarda narkotik maddə saxlamaqda şübhəli bilinərək saxlanmasına dair məlumatı şərh edərkən bildirib.
R.Hüseynzadənin sözlərinə görə, Mətbuat Şurası "Dedektivpress" qazeti haqqında az məlumata malikdir.
ANS telekanalının internet portalında Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Eldar Məmmədova istinadən dərc olunan məlumata görə, polis əməkdaşları Xanış Qasımov və Səbuhi Ağalarovu saxlayıblar. Onlardan ümumi çəkisi 4,07 kiloqram narkotik maddə tapılıb.
Həmin şəxslərdən 2,135 kq heroin, 1,03 kq tiryək, 805 qram marixuana aşkar edilərək götürülüb.
Məlumat verilir ki, S.Ağalarov "Dedektivpress" qəzetinin şöbə müdiridir.
R.Babayev