Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar
Belçikanın paytaxtı Brüsseldə etiraz aksiyası keçiriblər. Bu barədə çərşənbə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib.
Keçirilən aksiyanın məqsədi azərbaycanlılara və türklərə qarşı tarixin müxtəlif mərhələlərində həyata keçirilmiş terror və soyqırımı aktları, "erməni soyqırımı" iddiaları, Ermənistanın Azərbaycana təcavüzü, Xocalı soyqırımı ilə bağlı Avropadakı azərbaycanlı və türk icmalarının etirazını dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Təxminən iki saat davam edən aksiyaya Azərbaycan və türk diasporunun 400 nəfərdən çox nümayəndəsi qatılıb.
Tədbirin sonunda erməni lobbisinin türk dünyasına qarşı tətbiq etdiyi terror və təcavüz siyasətini pisləyən bəyanat qəbul olunub.
R.Babayev