Çərşənbə axşamı prezident İlham Əliyev Özbəkistanın prezidenti İslam Kərimovu yenidən ölkə başçısı seçilməsi münasibəti ilə təbrik edib. Bu barədə prezidentin saytında məlumat verilir.
“Seçkilərdə qələbəniz uzun müddət ərzində Sizin həyata keçirdiyiniz dərindən düşünülmüş, ardıcıl siyasətin qardaş Özbəkistan xalqı tərəfindən dəstəklənməsini inandırıcı şəkildə təsdiq edir”, - deyə təbrik məktubunda deyilir.
Məktubda qeyd edilir ki, bu gün Özbəkistan müstəqilliyin və demokratiyanın möhkəmləndirilməsi, dinamik sosial-iqtisadi inkişaf yolu ilə inamla irəliləyir və dünya birliyində layiqli yer tutur, beynəlxalq aləmdə onun nüfuzu artır.
“Xalqlarımız arasında çoxəsrlik dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək ənənələrinin inkişafına və genişləndirilməsinə Sizin töhfənizi Azərbaycanda yüksək qiymətləndirirlər. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasında çoxplanlı qarşılıqlı fəaliyyət və strateji tərəfdaşlıq qardaş xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da hərtərəfli və dönmədən inkişaf edəcək”, - deyə məktubda vurğulanır.
A.Zeydullayeva