BMT-nin baş katibi Pan Gi Mun 2016-cı ildə Azərbaycana səfərə gəlməyi planlaşdırır.
“AzərTAc” dövlət agentliyinin verdiyi məlumata görə, o, bu barədə Əl-Küveyt şəhərində keçirilən Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı çərçivəsində Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovla görüş zamanı bildirib. BMT-nin baş katibi qeyd edib ki, may ayında Bakıda keçiriləcək beynəlxalq tədbirə xüsusi nümayəndəsini göndərəcək.
Baş katib Azərbaycanın əhəmiyyətli coğrafi məkanda yerləşdiyini və onun rəhbərlik etdiyi təşkilatın rəsmi Bakı ilə əməkdaşlığını davam etdirəcəyini bildirib.
Öz növbəsində Ə.Həsənov qeyd edib ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalan və 1 milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının vəziyyətini yaxşı başa düşür.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında BMT-nin baş katibinə ətraflı məlumat verən Ə.Həsənov bildirib ki, münaqişəni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk qrupunun fəaliyyəti heç bir nəticə vermir.
Görüşdə Azərbaycanın BMT ilə əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə edilib.
R.Babayev