Əl-Küveyt Bakı ilə yüksək səviyyədə əlaqələrin qurulmasında maraqlıdır. Bu barədə Küveytin baş naziri Şeyx Cabir Əl-Mübarək Əl-Hamad Əl-Sabah Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdə bəyan edib.
“AzərTAc” dövlət agentliyinin verdiyi məlumata görə, küveytli nazir vurğulayıb ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və hörmətlə yanaşır.
Öz növbəsində Ə.Həsənov qeyd edib ki, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. O, gələcəkdə münasibətlərin daha da yaxınlaşması istiqamətində addımlar atılacağını deyib.
Ə.Həsənov Küveytin baş nazirini Bakıya rəsmi səfərə dəvət edib.
Küveytə rəsmi səfəri çərçivəsində Ə.Həsənov, həmçinin BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, Küveyt Dövlətinin baş nazirinin müavini, daxili işlər naziri Şeyx Məhəmməd Xalid Əl-Sabah, BMT baş katibinin humanitar məsələlər üzrə nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Əl-Mətuq və başqaları ilə də görüşlər keçirib.
R.Babayev