Avropa Azərbaycanlıları Konqresi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinin sədr müavini Kristian Dan Predaya bəyannamə ilə müraciət edib. Bu barədə “AzərTAc” dövlət agentliyinin məlumatında deyilir.
Sənəddə beynəlxalq terrorizmə qarşı mübarizəni qarşıya məqsəd qoyan dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməsi tələb olunub və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə biganə yanaşmamağa çağırılıb.
Bəyannamə müəllifləri dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların Azərbaycan torpaqlarında sülh və əmin-amanlığın bərqərar olunması üçün bütün imkanlarını səfərbər etməklə böyük səylər göstərəcəyinə ümid etdiklərini vurğulayıblar.
Avropa Parlamentinə müraciətdə qeyd edilir ki, 1918-ci il mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımdan 97 il keçməsinə baxmayaraq, bu bəşəri cinayətlər hələ də beynəlxalq birlik tərəfindən öz hüquqi qiymətini almayıb.
R.Babayev