2016-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti $50-dan hesablana bilər. Bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
“Cari il üçün maliyyə təşkilatları, investisiya şirkətləri bir barel neftin qiymətini $50-55 səviyyəsində proqnozlaşdırır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Yəqin ki, gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti $50-dan hesablanacaq”, - deyə E.Rüstəmov bildirib.
2015-ci ilin dövlət büdcəsi bir barel neftin orta qiyməti $90 olmaqla hazırlanıb.
Azərbaycanın 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat, xərcləri 21 mlrd. 100 mln. manat həcmində təsdiq edilib. Büdcə kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,8%-i səviyyəsində proqnozlaşdırılır.
A.Axundov