Son zamanlar Yəməndə yaranmış vəziyyət Tehran və Ankara arasında qarşılıqlı münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Keçmiş diplomat, politoloq Fikrət Sadıxov belə hesab edir.
“Yəmən məsələsində Türkiyə sünnilərin tərəfində çıxış edib, yəni praktiki olaraq ölkədən qaçmış prezidenti dəstəkləyib, bununla əlaqədar onun İranla münasibətlərində gərginlik yarana bilər”, - deyə F.Sadıxov Yəmən və onun ətrafında hazırkı qarşıdurmanın səbəb olacağı nəticələri proqnozlaşdırarkən “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Tehran və Ankara arasında regionda liderlik uğrunda daim müəyyən mübarizə gedir.
“Yəməndə vəziyyətin gərginləşməsi ilə əlaqədar İran husiləri (şiələr - İF-Az), Türkiyə isə yuxarıda qeyd olunduğu kimi, sünniləri dəstəklədi. Bu isə İran-Türkiyə münasibətlərində müəyyən gərginliyə səbəb ola bilər”, - deyə politoloq vurğulayıb.
Eyni zamanda F.Sadıxov qeyd edib ki, İranın husiləri dəstəkləməsi Tehranın Qərblə münasibətlərində müəyyən dərəcədə soyuqluğa səbəb ola bilər.
“Yəməndə baş verən hadisələrlə əlaqədar “ərəb baharı”nın yeni mərhələsini gözləmirəm. Lakin İranla Qərb arasında münasibətlərdə bir qədər soyuqluq olacaq. Düzdür, nüvə proqramı ilə bağlı danışıqlar prosesi davam edir, çünki bütün bu proseslərə baxmayaraq, ABŞ və Avropa dövlətləri İranın nüvə probleminin nizamlanmasında maraqlıdır. Bu, onlar üçün Yəməndə baş verən vəziyyətdən daha az əhəmiyyət kəsb etmir. Buna görə nüvə proqramı üzrə danışıqlar prosesi davam edəcək, lakin Yaxın Şərq problemləri ilə bağlı ziddiyyətlər davam edəcək. Xüsusilə də Tehran və Qərb arasında Yəmən məsələsi ilə bağlı problemlər qalacaq”, - deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, Yəməndəki hadisələr Azərbaycanda vəziyyətə təsir etməyəcək.
“Həmin hadisələrin Azərbaycana birbaşa təsir edəcəyini guman etmirəm, çünki biz həm coğrafi, həm mənəvi, həm siyasi, həm də geosiyasi cəhətdən Yəməndən uzaqda yerləşirik”, - deyə F.Sadıxov vurğulayıb.
Politoloq Yəməni unikal dövlət adlandırıb.
“Onun unikallığı ondan ibarətdir ki, bir çox onilliklər ərzində ölkəyə praktiki olaraq müxtəlif tayfaların nümayəndələri rəhbərlik ediblər və onlar arasında əldə olunan kompromis demək olar ki, bu dövlətdə sabitliyə imkan verib və ziddiyyət və münaqişəli vəziyyətlərin sanki ikinci plana keçməsinə səbəb olub. Lakin son illər Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, xüsusilə “ərəb baharı”nın başlaması ilə əlaqədar bütün bunlar Yəmənin daxili siyasi həyatında da öz əksini tapıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, bütün bu proseslər, həmçinin daxili dini məsələlərdən də yan keçməyib.
“Daxili dini qarşıdurmalar kəskinləşib, çünki Yəməndə aralarında ixtilaf olan sünni və şiələr bütün bunları hansısa kompromis, qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində saxlamağa çalışırdılar. Buna baxmayaraq, Yaxın Şərqdə aparıcı, böyük dövlətlərin təşəbbüsü ilə məlum hadisələrin baş verməsindən sonra nümayəndələri hökumətin tərkibində təmsil olunmayan şiə icması da öz hüquqları barədə bəyan edərək, hökumətin tərkibinə daxil olmağa cəhd göstərdi. Lakin bu alınmadı. Onlara rədd cavabı verildi, ikinci plana çəkildilər, nəticədə bu, faktiki olaraq, prezidentin qaçmasına gətirib çıxaran üsyana çevrildi”, - deyə F.Sadıxov qeyd edib.
Onun sözlərinə görə, hazırda “ölkənin təxminən 80%-i bu ölkənin əhalisinin şiə hissəsini təşkil edən husilərin nəzarətindədir”.
“Əlbəttə, bu, Səudiyyə Ərəbistanı və Fars körfəzinin bir sıra ölkəsini qane edə bilməz, çünki onların nəzarətin itirilməsindən narahatdırlar. Şiələr - əhalinin bir təbəqəsidir və İran tərəfindən dəstəklənir. Hazırda qarşıdurmalar o dərəcədə gərginləşib ki, artıq aparıcı və ərəb dövlətləri arasında münaqişə baş verir. Burada həm Səudiyyə Ərəbistan, həm Bəhreyn, həm Küveyt, həm də Oman, digər tərəfdən isə husiləri dəstəkləyən İran var”, - deyə politoloq vurğulayıb.
O qeyd edib ki, aparıcı dövlətlər, o cümlədən Səudiyyə Ərəbistanının müttəfiqi olan ABŞ da yaranmış vəziyyətdən istifadə edir.
“Düşünürəm ki, ziddiyyətlər tezliklə səngiməyəcək və münaqişə hələ də davam edəcək. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı Yəmən ərazisinə bomba zərbələri endirməyə dair qərar qəbul edib”, - deyə F.Sadıxov sonda bildirib.
R.Babayev