Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 2-nə manatın dollara nisbətən rəsmi məzənnəsini 1,0485 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə AMB-nin saytında məlumat verilir.
AMB aprelin 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsini aprelin 1-də qeydə alınmış 1,1304 manat/1EUR səviyyəsinə qarşı 1,1291 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,115% möhkəmlənib.
Aprelin 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi aprelin 1-də qeydə alınmış 0,0180 manat/1RUR səviyyəsinə qarşı 0,0183 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat rubla nisbətən 1,666% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
“Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib”, - deyə AMB-nin məlumatında bildirilib.
A.Əzizov