Azərbaycan Hitler Almaniyası üzərində və Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinə əlindən gələn töhfəni verib. Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev “Böyük Qələbənin yubileyi: canlı xatirə” mövzusunda beynəlxalq konfransda bəyan edib.
“Böyük Vətən müharibəsində qələbə bizim ümumi nailiyyətimizdir. Bəşəriyyət tarixində ən qəddar müharibə olan bu müharibədə Azərbaycan xalqı Sovet İttifaqının digər xalqları ilə çiyin-çiyinə vuruşaraq faşistlərin işğal etdiyi SSRİ ərazilərini azad edib və böyük Qələbəyə addımlayıb”, - deyə o vurğulayıb.
Ə.Mehdiyevin sözlərinə görə, Böyük Vətən müharibəsinin ağır illərində Azərbaycandan 700 min nəfər cəbhəyə gedib.
“Onların yarısı döyüş meydanında həlak olub. Azərbaycanın 130-a yaxın vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb”, - deyə o qeyd edib.
Ə.Mehdiyev deyib ki, Böyük Vətən müharibəsi illərində Azərbaycanda 130-dan çox növdə silah və döyüş sursatının istehsalına başlanılıb.
“Azərbaycan cəbhəyə neft və neft məhsullarının əsas tədarükçüsü olub. Sovet İttifaqının bütün neft hasilatının 80%-i Azərbaycan SSR-nin payına düşüb”, - deyə o bildirib.
Prezident Administrasiyasının nümayəndəsi xüsusilə vurğulayıb ki, Azərbaycan xalqı Böyük Vətən müharibəsi qurbanlarının xatirəsini hörmətlə anır.
“Ölkə rəhbərliyi Böyük Vətən müharibəsi veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşır”, - deyə Ə.Mehdiyev vurğulayıb.
Tədbir MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə “Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən təşkil olunub.
Konfrans mayın 9-da qeyd olunan Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Azərbaycanda keçirilən bayram tədbirləri çərçivəsində təşkil edilib.
R.Babayev