Azərbaycan müəyyən dairələrin, o cümlədən Ermənistanın faşizmin əlaltıları olan Drastamat Kanayan (general Dro) və Qaregin Njdenin qəhrəmanlaşdırılması cəhdlərindən narahatdır. Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bəyan edib.
“Biz Hitler Almaniyasının əlaltıları olmuş Dro və Njdenin qəhrəmanlaşdırılması cəhdlərinə qarşıyıq. Onları qəhrəmanlaşdırmaq yolverilməz haldır”, - deyə Ə.Mehdiyev bu gün Bakıda keçirilən “Böyük qələbənin yubileyi: Canlı xatirə” adlı beynəlxalq konfransada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, ermənilər öz cəhdlərinə digər keçmiş sovet respublikalarının ictimaiyyətini də cəlb etmək istəyirlər.
“Məhz Sovet İttifaqının bütün xalqlarının birliyi sayəsində biz faşizm üzərində qələbə çala bildik. Həmin çətin illərdə heç kim bizimki-sizinki deyə ayrı-seçkilik salmırdı. Bəs bu gün biz nə müşahidə edirik? XX əsrin sonunda Azərbaycan keçmiş müttəfiq respublika - Ermənistan tərəfindən təcavüzə məruz qalıb”,- deyə natiq qeyd edib.
O söyləyib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20%-i işğal olunub, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib.
“Ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyi zaman minlərlə Böyük Vətən müharibəsi veteranı həlak olub. Onlar dünyanı faşistlərin əsarətindən xilas etmişdilər. Həmin veteranların bir çoxu isə qaçqın düşüb”, - deyə Prezident Administrasiyasının nümayəndəsi əlavə edib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal azad edilməsinə dair qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan 20 ildir öz işğalçı siyasətini davam etdirir.
“Biz bu gün torpaqlarımızın işğalı və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll ilə bağlı MDB ölkələrinin anlayış və dəstəyinə ümid edirik. Təəssüf ki, Ermənistan indiyədək BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin tələblərini yerinə yetirməyib.
Bu qətnamələr Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Yəni Ermənistan Böyük Vətən müharibəsindən dərs götürməyib? Onlar bu qələbənin bütün bəşəriyyət üçün əhəmiyyətini anlamayıblar? Axı mahiyyət etibarilə orada milli üstünlük və faşizm ideologiyası bərpa edilir”, - deyə natiq vurğulayıb.
Tədbir MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə “Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən təşkil olunub.
Konfrans mayın 9-da qeyd olunan Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Azərbaycanda keçirilən bayram tədbirləri çərçivəsində təşkil edilib.
R.Babayev