Ukraynanın şərqində baş verən münaqişə Azərbaycanla ticarət dövriyyəsinin həcminin təxminən $1 mlrd. azalmasına səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədri Roman Nəsirov bəyan edib.
“Əlbəttə ki, münaqişə təsir göstərib. Həm şərqdəki (Ukraynanın - İF-Az) obyektiv vəziyyət, həm də bütövlükdə ölkədə iqtisadi vəziyyət təsir göstərib”, - deyə R.Nəsirov bildirib.
Onun sözlərinə görə, münaqişədən əvvəl ölkələr arasında ticarət dövriyyəsinin həcmi $1,6 mlrd. təşkil edirdi.
“Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsinin pik həcmi təxminən $1,6 mlrd. səviyyəsində olub. Ötən il bu rəqəm $500-600 mln.-a qədər azalıb”, - deyə o vurğulayıb.
Ali Radanın deputatının sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsinin əsas hissəsi metallurgiya və kənd təsərrüfatı sahələrinin payına düşür.
“Düşünürəm ki, əgər səyləri düzgün yönəltsək, ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə arta və əvvəlki pik həddi ötə bilər”, - deyə o vurğulayıb.
R.Nəsirov əmindir ki, energetika, hərbi sənaye kompleksi və aqrar sənaye kompleksi hesabına ölkələr arasında iqtisadi əlaqələri bərpa etmək mümkündür.
“Bundan başqa, biz tikinti sahəsində əməkdaşlıq qura bilərik. Biz Azərbaycanda çoxsaylı tikinti işlərinin aparılmasını müşahidə edirik. Ukraynada fəaliyyət göstərən texnoloji şirkətlərin gücləri bu bazarda rəqabət aparmağa imkan verir”, - deyə R.Nəsirov bildirib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/635952 saytında tanış olmaq olar.
F.İsazadə