Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada gedən döyüşlərdə iştirak etməkdə təqsirli bilinən 10 Azərbaycan vətəndaşının cinayət işi üzrə hazırlıq iclası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Hakim Ramella Allaheverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində məhkəmənin tərkibi elan edilib, ittiham olunan şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Müttəhimlər Samir Həşimov, Vüqar Dursunəliyev və onun oğlu Elvin Dursunəliyev (1998-ci il təvəllüdlü), Vilayət Həsənli, Vasif Hacıyev, Malik Musayev, İlkin Babazadə, Azər Qəmbərov, Vüsal Bayramov və Malik Musayev dövlət tərəfindən onlar üçün təyin edilmiş vəkilin xidmətindən imtina ediblər. Onlar İslam qanunlarından başqa heç kim qarşısında cavab verməyə borclu olmadıqlarını bildiriblər. Bu şəxslər onlara qarşı irəli sürülən ittihamı da təkzib ediblər.
Cinayət işinin materiallarına əsasən, yuxarıda adları çəkilən şəxslər 2013-2014-cü illərdə Suriyada qanunsuz silahlı əməliyyatlarda iştirak ediblər. Onlar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Sözügedən şəxslər barəsində Cinayət Məcəlləsinin 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddə, hərbi texnika, yaxud əsgəri ləvazimatla təchiz etmə), 318.1 (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb.
C.Həmidov