İrana qarşı sanksiyaların ləğv edilməsi Azərbaycan biznesinin bu ölkədə fəaliyyəti üçün yeni imkanlar yaradacaq. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov belə hesab edir.
“Bu, iqtisadiyyatın bir çox sektorunda, o cümlədən ticarət və nəqliyyat sahələrində yeni imkanlar yaradacaq”, - deyə F.Məmmədov cümə günü Bakıda keçirilən “Yeni imkanlar yaradan çağırışlar” mövzusunda konfransda bildirib.
Onun fikrincə, sanksiyaların ləğv edilməsi həm də İrana birbaşa investisiyalar və bank sektorunda əməkdaşlıq üçün təkandır.
“PAŞA Bank” və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkil etdiyi konfransda Azərbaycan sahibkarlarının yeni iqtisadi şərtlərdə fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunur.
Xəbər verildiyi kimi, cümə axşamı Avropa İttifaqı ölkələri Lozannada danışıqların yekunları üzrə Tehrana qarşı sanksiyaların ləğv edilməsinə dair qərar qəbul edib.
A.Axundov