Milli Məclisin deputatı Zahid Oruc hesab edir ki, Azərbaycan Dağlıq Qarabağ və Ermənistanın özündən olan ermənilərlə bağlı müxtəlif siyasət tətbiq etməlidir.
“Mart ayında erməni hərbçi Andranik Qriqoryanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə keçməsi elə bir fikir yaradır ki, Azərbaycanın hərbi gücünü tanıyan və erməni əsgərin hərəkətini müsbət qiymətləndirən ermənilər çoxdur”, - deyə Z.Oruc cümə günü parlamentin plenar iclasında bildirib.
Onun sözlərinə görə, A.Qriqoryan öz etirafında vurğulayıb ki, onun atdığı addımı təkrarlamaq istəyən çoxlu sayda erməni əsgər və dinc sakin var, lakin onlar öz təhlükəsizliklərinə görə narahatdırlar.
“Azərbaycanda Ermənistan əleyhinə səsləndirilən bəyanatlar İrəvanın Bakıya qarşı təcavüzünün nəticəsidir və bu, aydın məsələdir. Ancaq biz artıq ermənilərsiz Azərbaycan modelinin bizə lazım olması məsələsini müəyyən etməliyik. Biz anlamalıyıq ki, heç də bütün ermənilər Azərbaycana qarşı mübarizə aparmır”, - deyə Z.Oruc qeyd edib.
Deputat vurğulayıb ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına başlanandan bəri azərbaycanlılara qarşı hərbi əməliyyatlarda iştirak etməyən ermənilərin yeni nəsli yetişib.
“Biz Ermənistan-Azərbaycan münaqişəsinin dinc modelini müəyyən etməli və Ermənistan və Dağlıq Qarabağın erməni icmasının siyasəti arasında fərq qoymalıyıq. Bununla əlaqədar biz ağ bayraq qaldıraraq bizim tərəfə keçən erməniləri qəbul etməyə hazır olub-olmadığımızı və sülhsevər və döyüşkən ermənilərə münasibətimizin necə olacağı məsələsini müəyyən etməliyik”, - deyə Z.Oruc əlavə edib.
“Əgər sabah daha yüzlərlə erməni Andranik Qriqoryan kimi hərəklət edərsə, o zaman biz onları Azərbaycanın tamhüquqlu vətəndaşları kimi qəbul etməyə hazır olmalıyıq. Biz Qarabağ ermənilərini İrəvanın yürütdüyü siyasətdən xilas etməliyik”, - deyə o vurğulayıb.
R.Babayev