Ötən il Azərbaycanda insan alveri ilə bağlı 100-ə yaxın fakt aşkarlanıb. Bu barədə daxili işlər nazirinin müavini, insan alveri ilə mübarizə üzrə milli əlaqələndirici Vilayət Eyvazov məlumat verib.
“2014-cü ildə Azərbaycanda insan alveri ilə bağlı 97 fakt aşkarlanıb ki, bu da 2013-cü ilin göstəricisi ilə müqayisədə 21% çoxdur”,- deyə V.Eyvazov cümə günü Milli Məclisin plenar iclasında insan alverinə qarşı mübarizəyə dair illik məruzə ilə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, respublika ərazisində məcbiri əməklə bağlı 4, insan alveri məqsədi ilə şəxsiyyəti təsdiq edən vəsiqələrin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanıb.
“Həmin faktlar üzrə 26 nəfər məsuliyyətə cəlb olunub”,- deyə o əlavə edib.
V.Eyvazov qeyd edib ki, insan alveri qurbanı olan 54 nəfərdən 37-si Türkiyədə, 8 nəfər Rusiyada, 6 nəfər BƏƏ-də, 3 əcnəbi isə (iki Rusiya vətəndaşı və bir Çin vətəndaşı) ölkə ərazisində istismara məruz qalıb.
Nazir müavini bildirib ki, bu cinayətlər üzrə barələrində axtarış elan edilmiş 25 nəfərdən 12-si saxlanaraq istintaq və məhkəmə orqanlarına təhvil verilib.
“2014-cü ildə Azərbaycanda insan alveri ilə məşğul olan 9 cinayətkar qruplaşma və mütəşəkkil dəstə zərərsizləşdirilib”,- deyə V.Eyvazov bildirib.
O, həmçinin qeyd edib ki, 38 nəfər insan alveri qurbanına zəruri kömək göstərilib, onlar xüsusi sığınacaqlara yerləşdiriliblər və təhlükəsizlikləri təmin edilib.
“54 nəfər insan alveri qurbanına birdəfəlik müavinət verilib, 24 nəfər işlə təmin edilib, 30 nəfər peşə hazırlığı kurslarına yönəldilib”,- deyə V.Eyvazov bildirib.
Məruzə səsvermə yolu ilə Milli Məclis tərəfindən təsdiq edilib.
R.Babayev