İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2015-ci ilin I rübündə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 5 mln. 708,343 min manat ödəniş ediblər. Bu barədə İSB-nin məlumatında deyilir.
“Cari ilin birinci rübündə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4,905 min hadisə üzrə ödənişlər həyata keçirilib”, - deyə məlumatda qeyd olunur.
2015-ci ilin mart ayında sığortaçılar avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 mln. 654,266 min manat ödəniş həyata keçiriblər (2014-cü ilin mart ayı ilə müqayisədə artım 36,7% - İF-Az). Ödənişlər 1,416 min sığorta tələbi üzrə həyata keçirilib (artım 39,5% - İF-Az).
2015-ci ilin mart ayında nəqliyyat vasitəsinə dəyən ziyana görə 1,320 min sığorta tələbi üzrə 1 mln. 462,906 min manat, əmlaka dəyən ziyana görə 57,36 min manat (39 tələb), sağlamlığa dəyən zərərə görə 54 min manat (41 tələb), ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsinə görə 80 min manat (16 hadisə) məbləğində ödəniş həyata keçirilib.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.
İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb. 15 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 11 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.
2014-cü ildə İSB üzvlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişləri 26,833 mln. manat təşkil edib, bu isə 2013-cü ilin göstəricisindən 5,93% çoxdur.
A.Əzizov