Qazax və Goranboyda şəxsiyyət vəsiqəsinin vaxtı bitən, eləcə də şəxsiyyət vəsiqəsi olmayan sakinlərlə səyyar xidmət göstərilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Qazaxın sərhəd Daş Salahlı kəndində Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən 120-dən çox sakinin sənədləri qəbul edilib, 34 vətəndaşa isə yeni vəsiqələr verilib.
“Qarşıdan imtahanlar gəldiyindən yeniyetmələrə də vəsiqələrin verilməsi vacibdir. Ona görə də 6, 7 və 8-ci sinif şagirdlərinə yeni şəxsiyyət vəsiqələri təqdim olunub”, – deyə Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi Məzahir İbrahimxəlilov bildirib.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları isə Dəliməmmədli şəhərinin sakinlərinə səyyar xidmət göstəriblər. Səyyar xidmət zamanı 25, 35 və 50 yaşları tamam olan vətəndaşların da şəxsiyyət vəsiqələri dəyişdirilib.
Səyyar xidmətdə 500-dən çox vətəndaşın sənədləri qəbul edilib, 200-ə yaxın sakinə isə şəxsiyyət vəsiqəsi verilib.
F.Mehdiyev