Böyük Vətən müharibəsi veteranı Mariya Rzayeva müharibə illərində vermaxtın tərkibində fəaliyyət göstərən “Erməni legionu”nun təşkilatçısı, Ermənistanda qəhrəman sayılan Qaregin Njde kimi tanınan Qaregin Ter-Arutyunyana Rusiyada erməni diasporu tərəfindən bəraət qazandırılması cəhdlərindən hiddətlənib.
“Mən bu hərbi cinayətkarın (Qaregin Njde - İF-Az) qəhrəmanlaşdırılması cəhdləri barədə eşitmişəm. Bu məlumat məndə dərin qəzəb hissi yaratdı. Faşistlərin fəal əlaltısı olmuş birini bu gün qəhrəman kimi necə təqdim etmək mümkündür?”, - deyə azərbaycanlı veteran erməni diasporunun Rusiyada erməni “qəhrəman”a abidənin ucaldıımasına nail olmaq cəhdi barədə məlumatı “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərkən bildirib.
“Mən bütün müharibədən keçmişəm, nasizmlə mübarizə aparmışam və mənim üçün onu qəhrəmana çevirmək cəhdləri faşizmin kökünü kəsmək üçün mübarizədə həlak olanların xatirəsinə hörmətsizlik və təhqirdir. Bu, mənim üçün anlaşılmazdır. Bəziləri nasizm və nasistləri qəhrəmanlaşdırmağa cəhd etdikləri zaman biz Azərbaycanda qətiyyətlə buna qarşı çıxış edirik və müharibənin, həmçinin keçmiş SSRİ-nin bütün xalqları üçün müqəddəs Qələbənin nəticələrinə təkrar baxılmasını pisləyirik”, - deyə M.Rzayeva vurğulayıb.
Mariya Stepanovna Rzayeva müharibədə Almaniyaya qədər gedib çıxıb, oden və medallarla təltif olunub. Cari ilin may ayında Qələbənin 70 illiyi münasibətilə Moskvada keçiriləcək parada dəvət edilib.
F.Hüseynzadə