Bu günlərdə Nyu-Yorkda beynəlxalq festivalda gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin “In absentia” əsəri ifa olunub. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
T.Qasımzadənin bu əsəri “Simli alətlər – XXI əsrin musiqisi” adlı beynəlxalq festivalda səsləndirilib.
Festivalda dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı bəstəkar və ifaçılar iştirak ediblər. Azərbaycanlı bəstəkarın bu əsərini amerikalı skripkaçı Erika Dikker ustalıqla səsləndirib.
Bundna başqa, aprelin 2-də ABŞ-ın Sinsinnati şəhərində keçirilən nüfuzlu incəsənət festivalı çərçivəsindəki konsertdə amerikalı violonçelist Qreqori Roland Evansın ifasında onun solo violonçel üçün yazdığı digər bir əsəri - “Tövbələr” səsləndirilib. Bu əsər cari il aprelin 17-si və 19-da Sinsinnatidə digər konsertlərdə də ifa olunacaq.
Qeyd edək ki, hazırda ABŞ-da olan T.Qasımzadə Manhetten konservatoriyasının (magistr dərəcəsi) və Sinsinnati Universitetinin (doktor dərəcəsi) məzunudur. O, ABŞ-ın hər iki nüfuzlu musiqi müəssisəsində təhsilini Heydər Əliyev Fondunun dəstəyi ilə alıb.
A.Zeydullayeva