Aprelin sonunda Makedoniya prezidenti George İvanov Bakıya səfər edəcək. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilir.
G.İvanovun səfərində məqsəd 27-20 aprel 2015-ci il tarixlərində paytaxtda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan tədbirdə 10-dan artıq dövlətin fəaliyyətdə olan prezidentləri, baş nazirləri və xarici işlər nazirlərinin iştirakı gözlənilir.
Forumda, həmçinin sabiq dövlət, hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, ekspertlər, alimlər olmaqla 350 nəfərə yaxın qonağın iştirakı nəzərdə tutulub.
III Qlobal Açıq Cəmiyyətlər Forumunda etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı kimi bir sıra qlobal problemlər geniş müzakirə ediləcək.
2013-2014-cü illərdə Bakıda Birinci və İkinci Qlobal Açıq Cəmiyyətlər Forumları keçirilir. Tədbirlərin təşkilatçıları qismində Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çıxış edir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində dünyanın bir qrup tanınmış ictimai və siyasi xadimi tərəfindən yaradılıb.
Mərkəzin fəaliyyətinin prioriteti Azərbaycanın elm və mədəniyyətinin görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması və dünyada təbliğ olunmasıdır.
R.Babayev