2015-ci ilin əvvəlinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Rusiyadakı investisiya portfeli $568,2 mln. səviyyəsində qiymətləndirilir. Bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
“Fond istər Rusiya, istərsə də digər ölkələr olsun, sərfəli sərmayə yatrımları üçün imkanları hər zaman qiymətləndirir. Hazırda ARDNF-in Rusiyadakı investisiya portfeli daşınmaz əmlaka və “VTB Bank”ın səhmlərinə qoyulan vəsaitlərdən ibarətdir. 2015-ci il yanvarın 1-nə bu portfel cari məzənnə ilə $568,2 mln. səviyyəsində qiymətləndirilir və fondun ümumi investisiya portfelinin 1,5%-ni təşkil edir”,- deyə Ş. Mövsümov qeyd edib.
Onun sözlərinə görə, inkişaf edəniqtisadiyyatların (Rusiya da daxil olmaqla) artım tempinin azalması, regionda geosiyasi risklərlə əlaqədar rus rublunun və inkişaf etməkdə olan digər ölkələrin valyutalarının devalvasiyası fondun rublla ifadə olunan aktivlərinin gəlirliliyinə mənfi təsir göstərib.
“Buna baxmayarq, biz rubla investisiyalarımızı saxlamaq niyyətindəyik, çünki onlar uzunmüddətli xarakter daşıyır. “VTB Bank” isə aktivlərinin həcminə görə Rusiyanın ikinci bankıdır, bu banka bizimlə yanaşı, Norveç Fondu və Qətər Suveren Fondu kimi iri maliyyə təsisatları tərəfindən investisiya qoyulur”, - deyə o qeyd edib.
Xəbər verildiyi kimi, 2014-cü il dekabrın 31-nə ARDNF-in aktivləri $37,1 mlrd., investisiya portfeli $36 mlrd. 740,3 mln. təşkil edib.
2012-ci ildə ARDNF Moskvanın mərkəzində Tverskaya 16 ünvanında yerləşən və dəyəri $133 mln. olan “Qalereya Aktyor” ofis-ticarət mərkəzini satın alıb. Bundan başqa, ARDNF “VTB Bank”ın səhmlərinin alınmasına da investisiya yatırıb.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/636367 ünvanında tanış olmaq olar.
N.Abbasova