Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Böyük Vətən müharibəsində qələbənin 70-ci ildönümü ilə bağlı imzaladığı sərəncama əsasən Gəncədə 463 nəfərə birdəfəlik maddi yardım ediləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami və Kəpəz rayon şöbələrindən verilən məlumata görə, 20 müharibə iştirakçısı, 76 nəfər arxa cəbhədə fədakar əməyinə görə təltif olunanlar, 367 nəfər isə həlak olan və ya sonralar vəfat edən döyüşçülərin dul arvadları birdəfəlik maddi yardım alacaq.
“Hər il olduğu kimi, 9 may Böyük Vətən müharibəsində qələbə günü ilə əlaqədar birdəfəlik maddi yardım ödənilir. Bu il də prezident müvafiq sərəncam verib və hazırlıqları işləri görülür. 9 may qələbə bayramına kimi bütün müavinətlər ödəniləcək”, – deyə DSMF Kəpəz rayon şöbəsinin müdir müavini İlham İsgəndərov bildirib.
Böyük Vətən müharibəsi iştirakçılarına 800 manat, vəfat edən döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden, medallarla təltif edilən şəxslərə isə 400 manat birdəfəlik maddi yardım veriləcək. Ölkə başçısının sərəncamına uyğun olaraq ümumilikdə Prezidentin Ehtiyat Fondundan bu məqsədlə 8,3 milyon manat vəsait ayrılıb.
F.Mehdiyev