Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2015-ci ilin I rübündə vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 346 cinayət işi açıb. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
Xəbər verildiyi kimi, 2014-cü ilin I rübündə departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 146 cinayət işi açıb. Beləliklə, 2015-ci ilin yanvar-mart ayları ərzində açılan cinayət işlərinin sayı 2,37 dəfə artıb.
Hesabat rübündə 110 cinayət işi qanunsuz sahibkarlıq və vergidən yayınma, 225 cinayət işi vergilərin ödənilməməsi, yerdə qalan cinayət işləri isə digər faktlarla əlaqədar açılıb.
Yanvar-mart ayları ərzində 161 cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 23 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
2015-ci ilin I rübündə ibtidai istintaq zamanı 112 cinayət işi üzrə təqsirkar olan şəxslər dəymiş ziyanı ödəyiblər. Onların dövlət büdcəsinə ödənişlərinin həcmi 13 mln. 72,1 min manat təşkil edib, bu isə ötən ilin birinci rübünün göstəricisindən 5,9 dəfə çoxdur.
2015-ci ilin birinci rübündə vergi cinayətlərinə görə axtarışda olan 9 nəfər saxlanılıb. Vergidən yayınan, fəaliyyəti barədə bəyannamə təqdim etməyən və əmlakının siyahıya alınmasına imkan verməyən 49 nəfər vergi ödəyicisi aşkar edilib.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb və həmin il avqustun 30-da fəaliyyətə başlayıb. 2014-cü ildə departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 971 cinayət işi açıb
A.Əzizov