Dövlət Statistika Komitəsi “Ev təsərrüfatlarının sənaye fəaliyyətinin öyrənilməsinə dair” birdəfəlik statistik müayinə keçirib. Bu barədə komitənin məlumatında deyilir.
Müayinə 2014-cü ilin oktyabr-noyabr aylarında ölkənin bütün regionlarında keçirilib.
Müayinəyə 9,579 min ev təsərrüfatı cəlb edilib. Ev təsərrüfatlarından 5,559 mini (58%) şəhər, 4,02 mini (42%) kənd yaşayış məntəqələrini əhatə edib.
İl ərzində ev təsərrüfatları tərəfindən istehsal olunan əsas məhsullar: emal edilmiş süd 418,5 min ton, təzə çörək 392,1 min ton, ət istehsalı (quş əti daxil olmaqla) 137,6 min ton, süd məhsulları 102,5 min ton, meyvə və tərəvəz konservləri 43,4 min ton, kompot 40,9 min ton, mürəbbə və cem 32,5 min ton, tort, pirojnalar və digər şirniyyat məmulatları 28,8 min ton, meyvə və üzümdən alınan spirt 94,1 min dekalitr, şərab 59,5 min dekalitr, xalça və xalça məmulatları 1 min kv.metr olub.