Səudiyyə Ərəbistanı neftin qiymətlərinin yüksəldilməsinə kömək etməyə hazırdır, lakin bunu yalnız o halda edə bilər ki, Neftİxrac EdənÖlkələr Təşkilatına (OPEK) üzv olmayan ölkələr də bunu dəstəkləsin. Bunu Səudiyyə Ərəbistanının neft naziri Əli bin İbrahimən-Nəimi söyləyib.
“The Wall Street Journal”ın yazdığı kimi, nazir məlumat verib ki, mart ayında Səudiyyə Ərəbistanında hasilat sutkada 10,3 mln. barelə qədər yüksəlib ki, bu da tarixi rekorda yaxın bir göstəricidir. O, bu yüksəlişin səbəbini açıqlamayıb. Əli bin İbrahimən-Nəiminin sözlərinə görə, krallıq neft istehsalını yaxın aylarda sutkada təxminən 10 mln. barel səviyyəsində saxlayacaq.
“Krallıq əvvəlki kimi bazarda sabitliyin bərpa olunmasına, qiymətlərin məqsədəuyğun və düşünülmüş şəkildə yaxşılaşmasına kömək etməyə hazırdır, lakin bu, yalnız əsas neft istehsalçısı və ixracatçısı olan ölkələrin iştirakı, eləcə də aydın prinsiplər və yüksək şəffaflıq əsasında həll edilməldir ki, bu işin ağırlığı təkcə krallığın və ya OPEK ölkələrinin üzərinə düşməsin”,- deyə nazir bildirib.
Nazir son 6 ildə ən aşağı səviyyəyə qədər enmiş neft qiymətlərinin yaxın aylarda yüksələcəyini söyləyib.
“Neftə gəlincə, mən yaxın gələcəkdə qiymətlərin yüksələcəyini, eləcə də krallığın hasilatı sutkada təxminən 10 mln. barel səviyyəsində saxlayacağını gözləyirəm”,- deyə o qeyd edib.