Aprelin 10-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Saxta erməni soyqırımı: uydurma və gerçəklik” mövzusunda konfrans keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri, Milli Məclisin deputatları, müvafiq dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri, alimlər, ictimai xadimlər və KİV təmsilçiləri iştirak edəcəklər.
Konfransın keçirilməsinin əsas məqsədi ermənilərin əzəli Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasıdır.
Tədbir çərçivəsində soyqırımının tarixi-siyasi kökləri və onun qarşısının alınması yollarına kompleks yanaşma, Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi, beynəlxalq hüquqda soyqırımı problemi, soyqırımı insan hüquqlarının kobud şəkildə pozulması kontekstində, saxta erməni soyqırımı böyük dövlətlərin siyasi təzyiq vasitəsi kimi, XX əsrin əvvəllərində erməni quldur dəstələri və terror təşkilatlarının Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı aktları kimi məsələlər müzakirə olunacaq.
A.Zeydullayeva